Dördölçülü çayxana

Kosmologiyanın fundamental aspektləri, Hamburq, 2011

Posted in Fizika, Nəzəri fizika by gahramanov on Fevral 16, 2011

Əslində konfransın adı “Foundational aspects of Cosmology“dir, mən də dedim tərcümə edim adını, yazım Azərbaycan dilində. İndi tərcüməsinə baxıb görürəm ki, bir dənə də olsun bizim dildə söz işlətməmişəm. Nə isə, keçək konfransa…

İlk gün:

Hələ ki, iki mühazirə olub.  Birinci söhbətdə Dominik Schwarz Kosmologiyadan danışdı, xüsusilə Fridmann modellərindən. Sonda isə son illər alınan nəticələrə göz gəzdirdi. Mühazirəçi söhhbətinin bir yerində kosmik zamandan danışdı, daha doğrusu bir-iki kəlmə dedi, və onun sözlərindən belə bəlli oldu ki, demə həmin bu kosmik zaman müxtəlif istiqamətlərdə müxtəlif cür axır (bu izotropluğun pozulması deyil, amma bircinslik pozulur, heç bilmirəm nə ad vermək olar).

İkinci çıxış edən hindistanlı idi. Əvvəl mənə elə gəldi ki, mən ingiliscə başa düşmürəm, sonra baxdım ki, auditoriyanın yarısı ingiliscə başa düşmür. Axırda isə başa düşdüm ki, Banibrata Mukhopadhyay başqa ingiliscədə danışırmış. Onun qara maddə haqqında söhbətindən ancaq Çaplıqin düsturunun nə olduğunu başa düşdüm.

Konfrans isə davam edir. Bax belə.

Tagged with:

Hadisələr üfüqi (epizod 5)

Posted in Hadisələr üfüqi by gahramanov on Yanvar 14, 2011

Sənsiz nə zövqü var Standard Modelin,
Tapılmayan Hiqqsin, qara dəliyin,
Nəzəriyyədən gəlsə də sənin gur səsin,
Heç mənim ruhumu oxşarmı, söylə?
“Supersimmetriya” Gahramanov

1. Dünən Physics Today´də oxudum ki, bəzi tədqiqatçılar qravitasiyanın fundamental qarşılıqlı təsir olmadığı fikrini irəli sürürlər və göstərilən mənbənin içində Petr HoravaErik Verlinde´nin məqalələri də var. Maraqlıdır, oxumağa dəyər:

– E. Verlinde On the Origin of Gravity and the Laws of Newton http://arxiv.org/abs/1001.0785

– P. Horava  Membranes at quantum criticality http://arxiv.org/abs/0812.4287

2. Kitabxanada Becker, Becker, Schwarz´ın String Theory and M-theory kitabı əlimə düşdü. Bir az vərəqlədim və əvvəlini oxudum. Açığı Zwiebach´ın kitabından daha rahat və maraqlı gəldi. Kitabın elektrok variantını buradan yükləmək olar.

3. Mövzumuz kvant mexanikasında supersimmetriya olacaq. Başlamazdan əvvəl aşağıdakı iki məqaləni oxumağı tövsiyyə edirəm:

– Л.Э. Генденштейн, И.В. Криве «Суперсимметрия в квантовой механике» –  supersimmetriya ilə tanış olmaq istəyənlər üçün çox əla bir məqalədir.  Təəssüf yalnız kvant mexanikasına həsr olunub.  Mən supersimmetriya ilə bağlı yazılarımda əsasən bu məqalə üzrə gedəcəm.

– М.А. Шифман Суперсимметрия для начинающих, Материалы ХХI школы ЛИЯФ  - çox anlaşılan dildə hazırlanmış bir mühazirədir. İnternetdə olub olmadığını bilmirəm, məndə djvu formatında var, istəyənə göndərə bilərəm.

Supersimmetriyanın önəmli xassəsi kəsilməz çevrilmələrlə diskret çevrilmələri birləşdirməsidir. Supersimmetrik çevirmə bozonları fermionlara və fermionları bozonlara çevirir. Supersimmetriya bir-birindən xəbərsiz şəkildə üç qrup tərəfindən kəşf edilib:

- Yu. GolfandE. Lichtman kvant sahə nəzəriyyəsinə əksolunmanın pozulmasını daxil edərkən. Məqalənin orijinalı: http://www.jetpletters.ac.ru/ps/717/article_11110.pdf

- D. VolkovV. Akulov 1/2 spinə malik qoldstoun zərrəciklərini təsvir edərkən.

- J. WessB. Zumino Neveu-Ramond-Schwarz’ın dual modelindəki superqrupu genişləndirərkən.

Nəzəriyyəyə görə supersimmetriya TeV enerji şkalasında mövcud simmetriyadır. Ona görə bu simmetriyanın LHC-də mütləq aşkar olunacağı gözlənilir. Aydındır ki, aşağı enerjilərdə supersimmetriya mövcud ola bilməz, əks halda təbiətdə elektronun kütləsi və yükünə bərabər bozona rast gəlinərdi.

4. Bir misala baxaq,məsələn, maqnit sahəsində hərəkət edən elektrona:

H=\frac{1}{2m}p^2+\frac{ie}{2m}divA-\frac{e}{m}Ap+\frac{e^2}{2m}A^2+\frac{e}{2m}\sigma \textbf{H}

A_1=A_3=0, A_2=\frac{W(x)\sqrt{m}}{e} olunduğunu qəbul edək. Onda Hamilton funksiyası aşağıdakı şəkli alacaq:

H=\frac{1}{2}\left(\frac{p^2}{m}+W(x)^2+\sigma_3\frac{1}{\sqrt{m}}\frac{dW(x)}{dx}\right)

İki supersimmetrik yükü aşağıdakı şəkildə daxil edək:

Q_1=\frac{1}{2}\left(\sigma_1\frac{p}{\sqrt{m}}+\sigma_2W\right)

Q_2=i\sigma_3Q_1=\frac{1}{2}\left(\sigma_2\frac{p}{\sqrt{m}}-\sigma_1W\right)

Hamilton funksiyasını bu yüklər vasitəsilə ifadə edə bilərik:

2Q_1^2=2Q_2^2=H

Yüklər özləri isə

\{Q_i,Q_j\}=\delta_{ij}H

şərtini ödəyir.

Bu supersimmetrik kvant mexanikasına nümunədir.

Deyək ki, kvant sistemini xarakterizə edən Hamilton funksiyası Hilbert fəzasında təsir edir. Həmçinin N dənə  Q_i operatoru var ki, onlar da bu fəzada təsir edir.

\{H, Q_1,...,Q_N: \textit{H}\} çoxluğu ilə xarakterizə olunan kvant sisteminə \{Q_i,Q_j\}=\delta_{ij}H antikommutasiya şərtini ödədikdə supersimmetrik kvant sistemi deyəcəyik. Eyni yolla kvant ossilyatorunu da supersimmetrik şəkildə yazmaq olar. Amma bu haqda növbəti epizodlarda.

Yeni ilə proqram

Posted in Dördölçülü çayxana, Elanlar, Qeyri-elmi by gahramanov on Yanvar 2, 2011

Bu il bloqu daha fəal aparmağı nəzərdə tuturam. Yaxın gələcəyə təxmini proqram belə olacaq.

Keçən il başladığım Hadisələr üfüqi adlı yazıları davam edəcəm. Hələlik 4 epizod yazılıb, 2 epizod qaralama şəklindədir. Buildə hər ay bir epizod yazmağı nəzərdə tutmuşam.

Kvant sahə nəzəriyyəsi məsələlərdə bölməsini keçən ilin son ayı başladım. Bu il də davam edəcək bu mövzu. Vaxt azlığından yazıları şəkil formasında qoyacam, planşetdə yazmaq kompüterdə yığmaqdan tez alınır.

Qısa xəbər bu haqda artıq məlumat vermişəm, mövzunu əsasən Asgerov aparır, onun aktivliyinə bağlıdır.

 

Yenə E8 qrupu haqqında

Posted in Qısa xəbər by gahramanov on Dekabr 27, 2010

Bir neçə gün öncə arxiv‘də Borthwick və Garibaldi’nin maraqlı məqaləsi çıxıb. “Biölçülü maqnit 248-ölçülü cəbri müəyyən edə bilərmi” adlanan məqalənin məqsədi bir neçə ay əvvəl kvazibirölçülü ferromaqnit kristalının atomlarının aşağı temperaturlarda və yüksək maqnit sahəsində spinlərə görə paylanmasının E_8 qrupuna tabe olması faktını riyaziyyatçılara anlatmaqdır. Qeyd edim ki, bu təcrübə haqqında Hadisələr üfüqünün birinci epizodunda xəbər vermişdim.

Bərk cisimlərdə ifrataxıcılıq

Posted in Qısa xəbər by asgerov on Dekabr 25, 2010

Aşağı tempraturlarda və yüksək təzyiqlərdə helium tamamilə bərk hala keçirmi? 2004-cü ildə Pensilvaniya Dövlət Universitetindən Eun-Seong Kim və  Moses Chan aşağı tempratur çərçivəsində  elə faza müəyyən etdilər ki, mayeyə bənzər bərk cismin axını baş verirdi. Buna baxmayaraq onların təcrübələri ifrataxıcı bərk cismin  təbiətini  izah edə bilməmişdi: bu hadisə doğurdanmı  kvant hadisəsidir, yoxsa  bərk cismin  defektlərinin nəticəsi? Nature dərgisində Eugenie Samuel Reich’in yaxınlarda çıxmış məqaləsində bu suala bəzi cavablar var. Həmçinin gahramanov‘un Bərk cisimlərdə ifrataxıcılıq yazısına baxın.

Tagged with: