Avropa

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Avropa qitəsi

AvropaAfrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,5 milyon km²-ə bərabərdir.

"Avropa" sözü sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca "Europa" olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.

Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, ŞabranXaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.[1]

Coğrafiyası[redaktə | əsas redaktə]

Avropanın ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc meridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşmişdir. Avropa Atlantik okeanıŞimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olmuşdur. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600 km, şərqdə isə 1600 km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, BarensAğ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadası yerləşmişdir. Şimaldakı Yeni Torpaq, Frans-İosif TorpağıSvalbard adaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, QaraAzov dənizi sahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadası yerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, SiciliyaSardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13 °C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.

Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olmuşdur.

Geologiyası[redaktə | əsas redaktə]

Avropanın fiziki xəritəsi

Fiziki xəritədə Avropanın şərq və qərb hissələrinin relyefində olan fərqləri asanlıqla müşahidə etmək olar. Bunun əsas səbəbini ərazinin müxtəlif hissələri arasındakı geoloji inkişaf tarixinin xüsusiyyətləndə axtarmaq lazımdır. Ona görə ki, qitənin şərqində qədim platforma, qərbində isə müxtəlif yaşlı geosinklinal strukturlar və cavan platformalar üstünlük təşkil edir. Burada ən qədim və sahəsinə görə ən böyük tektonik struktur Şərqi Avropa platformasıdır. Platformanın qədim bünövrəsi Baltik və Ukrayna kristallik qalxanları şəklində səthə çıxmışdır. Qərb hissədə Şərqi Avropa platforması Atlantik okeanından Sakit okeana qədər uzanan Alp-Himalay geosinklinalı və cavan platforma ilə əhatə olunmuşdur. Platformalar nisbətən sabit sahələridir, onlar düzənlik və orta hündürlüklü dağlara uyğun gəlir. Geosinklinallar isə yerin daha fəal, hərəkətdə olan sahələridir və Avropanın cənubunda Alp dağları qurşağı ilə təmsil olunub.

Avropanın relyefinin formalaşmasında Dördüncü dövrdə baş vermiş materik buzlaşmalarının təsiri böyük olmuşdur. Həmin dövrdə yeni tektonik hərəkətlərin təsiri ilə səthin xeyli qalxması və iqlimin soyuqlaşması baş verir. Bu da çox böyük ərazilərin buzlaqlar altında qalmasına gətirib çıxarır. Mütəxəssislər belə hesab edir ki, Dördüncü dövrdə Avropa ərazisində dörd böyük buzlaşma dövrü olmuşdur. Ən böyük buzlaşma dövründə buzlağın cənub sərhədi 50° şimal enliklərinə qədər gəlib çatmışdı. Skandinaviya və Britaniya ərazilərindən başlayan buzlaqlar 6 milyon km²-ə qədər ərazi tuturdu. Cənubda, Alp dağlarında isə dağ buzlaşmaları inkişaf etmişdi. Dördüncü dövr buzlaşmalarının izləri Avropanın relyefində aydın görünür. Müasir relyefdə buzlaq relyefinin bəzi formaları (moren tirələri və təpələri) müşahidə olunur. Çoxlu iri və xırda göl çökəklikləri əmələ gəlmiş, sahil xətlərinin girintili-çıxıntılığı artmışdır. Relyefin dəyişilməsinə səbəb olan tektonik hərəkətlər müasir dövrdə də davam etməkdədir. Buna misal olaraq Skandinaviyanın cənub hissələrinin tədricən qalxmasını, Baltik dənizinin cənub sahillərinin isə enməsini göstərmək olar. Avropa ərazisində çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır. Fəaliyyətdə olan vulkanlar Aralıq dənizi sahillərində və Atlantik okeanındakı adalarda yerləşir. Apennin yarımadasının qərbində Vezuvi, Siciliya adasında Etna vulkanları mövcuddur. İslandiya adasında Hekla vulkanı, isti bulaqlar-qeyzerlər fəaldırlar. Avropanın cənub hissəsi fəal zəlzələ zonasına daxildir. Burada çox böyük dağıdıcı gücə malik olan zəlzələlər baş verir. Bu da relyefin formalaşmasının və inkişafının davam etdiyini göstərən amillərdəndir.

Relyefi[redaktə | əsas redaktə]

Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (Alp, Karpat, Balkan, Pireney, Apennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.

Daxili suları[redaktə | əsas redaktə]

Çaylar[redaktə | əsas redaktə]

Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.

Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları vardır. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə PeçoraŞimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan Volqa, Dnepr, Don, Ural, Dauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meylli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.

Bu çaylar üçün qış dövründə bir neçə ay buz bağlaması, yazda daşması və yayda bir qədər dayazlaşması xarakterikdir. Bunların arasında Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3690 kilometrdir. Qərbi Avropa ərazisindən axan çaylar öz başlanğıclarını orta və hündür dağlardan, yüksəkliklərdən götürür. Bu səbəbdən yuxarı axarda çaylar daha sürətli, düzənliklərdə isə sakit axırlar. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə çox yağıntı aldıqlarından çaylar bolsuludurlar və gəmiçilik üçün daha əlverişlidirlər. Onların çoxu qış aylarında buz bağlamır. Bu ərazidən axan çayların hamısı Atlantik okeanı hövzəsinə aiddir. Onlardan Dunay, Reyn, Visla, Oder, Elba, Sena çaylarını qeyd etmək olar. Bunlar arasında Dunay Avropada ikinci ən böyük çaydır. Uzunluğu 2850 kilometrdir. Dunay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. Cənubi Avropa ərazisində Aralıq dənizinə tökülən çaylardan Roma, Po, Taho, Qvadiananı göstərmək olar. Buradakı çayların əksəriyyəti qısa, tipik dağ çayıdır, gəmiçilik üçün bir o qədər də yararlı deyildir. Lakin iqlim şəraitilə əlaqədar çayların suvarma işlərində əhəmiyyəti böyükdür.

Göllər[redaktə | əsas redaktə]

Avropada çoxlu göllər var və onlar qeyri-bərabər yerləşmişdir. Qitənin şimalında göllər daha çoxdur. Onlar buzlaq mənşəlidirlər. Skandinaviya, FinlandiyaKareliyada irili-xırdalı minlərlə göl vardır (Venern, Vettern, Sayma, İnari). Burada ən böyük göl Ladoqadır. Bolsulu Neva çayı onu Baltik dənizi ilə, Svir çayı isə yaxınlıqdakı Oneqa gölü ilə birləşdirir. Ağ dəniz-Baltik kanalı bu göllərdən Şimal Buzlu okeanına, Volqa-Baltik kanalı isə Xəzər və Qara dənizlərinə getməyə imkan verir. Cənubda, Alp dağlarında da çoxlu xırda göllər var (Cenevrə, Boden, Balaton). Şərqi Avropa düzənliyinin cənub-şərqində duzlu EltonBaskunçak göllərini də qeyd etmək olar.

Avropa ərazisində çoxlu buzlaq sahələri də vardır. İslandiya, Svalbard, Novaya Zemlya adalarında, həmçinin Alp dağlarının yüksək zirvələrində buzlaqlar çoxdur. Dağ buzlaqları bir çox çayların qidalanmasında mənbə rolunu oynayır. Bataqlıqlar da bu ərazidə geniş yer tutub. Kareliya, Finlandiya və Belarusda bataqlıqlar daha çox yayılmışdır. Rusiya, UkraynaBelarus ərazisində yerləşən Polesye bataqlığı geniş ərazi tutur.

Daxili suların böyük təsərrüfat əhəmiyyəti vardır. Lakin bununla belə Avropada çay və göllərin, digər su hövzələrinin həddindən artıq çirklənməsi müşahidə edilir. Bu sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də Avropa dövlətlərində daxili su hövzələrinin mühafizə edilməsi problemi birinci dərəcəli vəzifə kimi qarşıda durur.

İqlimi[redaktə | əsas redaktə]

Avropanın ərazisi enlik istiqamətində, yəni şimaldan cənuba doğru böyük məsafədə yerləşmişdir. Onun cənub hissələri günəşdən daha çox istilik alır, cənubdan şimala doğru istilik miqdarı azalır. Avropa ərazisində iqlim şəraiti qərbdən şərqə doğru dəyişir. Bu hal qitənin okeana yaxın olması, hakim küləklərin və okean cərəyanlarının təsiri nəticəsində əmələ gəlmişdir. Şimali Atlantika cərəyanının Avropa sahillərinə gətirdiyi nisbətən isti suların təsiri ilə iqlimdə müəyyən yumşalmalar hiss olunur. Bu hal xüsusilə özünü Skandinaviya, Kola yarımadası və İslandiya adasının iqlimində göstərir. Atlantik okeanı üzərində formalaşan nəhəng isti və rütubətli hava kütlələri də Avropanın iqliminə böyük təsir göstərir. Avropanın ərazisi okeandan gələn qərb küləklərinin təsiri altında olur. Bu hava axınları isə İslandiya alçaq və Azor yüksək təzyiq sahələrinin təsiri altında formalaşır. Qışda Atlantik okeanı üzərindən əsəsn cənub-qərb küləkləri küləkləri (Azor antisiklonu) özü ilə birlikdə çoxlu yağıntı gətirir və havanı yumşaldır. Yayda isə şimal-qərb küləkləri (İslandiya siklonu) bol yağıntı və sərinlik gətirir. Avropanın şimal hissələri daha çox Arktika hava kütlələrinin, Cənubi Avropa isə tropik hava kütlələrinin təsiri altında olur. Avropanın relyefi də iqlimin formalaşmasında öz təsirini göstərir. Avropada okeandan gələn dəniz mənşəli hava kütlələrinin qarşısını ala biləcək hündür dağ sistemlərinin olmaması Atlantik və Şimal Buzlu okeanlarının iqlimə təsirini daha da gücləndirir. Hündür dağlar qitənin cənub hissəsindədir. Onlar enlik istiqamətində yerləşdiklərindən okeandan gələn hava kütlələrinin qarşısında maneə rolunu oynaya bilmirlər. Hamar, düzən mərkəzi və şərq hissələr istiliyin, rütubətin daxili hissələrə keçməsi üçün bir növ dəhliz rolunu oynayır.

Temperatur və yağıntılar[redaktə | əsas redaktə]

Yuxarıda göstərilən amillərin təsiri ilə, Avropa ərazisində temperatur və rütubətin paylanmasında böyük fərqlər özünü göstərir. Yanvar ayının orta temperaturunu göstərən izotermlər daha çox meridian istiqamətində dəyişir və bu yalnız cənub hissədə enlik istiqamətində gedir. Atlantik okeanı və Aralıq dənizi sahillərindən +8 °C, +4 °C-lik yanvar izotermi keçir. Skandinaviya yarımadasının okean sahillərində 0 °C-lik izoterm daxili hissələrə doğru daha aşağı temperaturlarla (-8 °C, -10 °C) əvəz olunur. Şərqi Avropa düzənliyindən Ural dağlarına doğru kontinentallıq artır və daha aşağı temperatur qeydə alınır. İyul izotermləri enlik istiqamətində gedir, yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru əyilir. Orta iyul temperaturu ucqar şimalda +8 °C, Aralıq dənizi sahillərində +24 °C, +28 °C, Xəzər sahili ovalıqda +24 °C, Orta və Şərqi Avropada +16 °C, +20 °C-dir. Dağlıq ərazilərdə izotermlərin gedişində kəsilmələr baş verir.

Atmosfer yağıntılarının paylanması istər hava kütlələrinin, istərsə də relyef şəraitinin təsirindən daha çox asılıdır. Atlantik okeanı sahillərindən şərqə getdikcə yağıntıların illik miqdarı və onun ərazidə paylanması xeyli dəyişir. Daha çox yağıntı dəniz hava kütlələrinin yolu üzərində yerləşən sahilboyu və dağətəyi ərazilərə düşür (1000–2000 mm). Lakin daxili hissələrə doğru getdikcə okeandan gələn hava kütlələri transformasiyaya uğrayır, yəni öz rütubətini itirir və kontinetallaşır. Orta Avropa düzənliklərinin qərb hissəsinə 800–1000 mm, mərkəzinə 600 mm, qitənin şimal hissələrinə 400–500 mm, Xəzəryanı ovalığına isə 250 mm yağıntı düşür. Dağlarda yağıntıların miqdarı 1000 mm-dən artıqdır. Yağıntıların fəsillər üzrə paylanmasında da fərqlər vardır. Qərbdə, Atlantik okeanı sahillərində dəniz iqliminin təsiri ilə yağıntıların çox hissəsi payız və qış aylarında düşür. Şərqi Avropada yağıntıların çox hissəsi yay, Aralıq dənizi sahillərində isə qış aylarında düşür.

Avropanın xəritəsi[redaktə | əsas redaktə]

Avropanın xəritəsi. [2]:

göy = transkontinental dövlətlər – Bir hissəsi Avropa, digər hissəsi isə Asiya qitəsində yerləşən ölkələr

yaşıl = Asiyada yerləşən, amma tarixi və siyasi baxımdan Avropa sayılan ölkələr

Blank map of Europe (polar stereographic projection) cropped.svg


Tarixi[redaktə | əsas redaktə]

Vyana döyüşü 1683-cü il. Bu döyüş nəticəsində Avropa Osmanlı İmperiyası tərəfindən istila olunmaqdan xilas oldu

Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir

Soyuq müharibənin sonu, 1990-cı ilə qədər Avropada bir-birindən fərqli siyasi – iqtisadi sistemlər mövcud idi. Bunlardan biri, indi də mövcud olan plürialist demokratik sistem və sərbəst bazar iqtisadiyyatını tətbiq edən Qərb Bloku, digəri isə kommunist ideologiyalı tək partiyalı sosialist sistemi (bax Varşava Müqaviləsi) idi. Ancaq sosialist sisteminin lideri olan SSRİ-nin iqtisadi və siyasi sisteminin zəifləməsi ilə blok çökdü. Köhnə sosialist bloku ölkələri, iqtisadi və siyasi sistem olaraq Qərb blokuna yaxınlaşma yolunda ciddi addım atmağa başladılar. Çoxpartiyalı demokratik sistemə və sərbəst bazar iqtisadiyyatına keçid həmin ölkələrin iqtisadiyyatına ciddi təsir etməyə başladı. Üzvlük və inteqrasiya ilə bağlı Avropa Birliyinə edilən müraciətlər müsbət qarşılandı və onlarla AB arasında ciddi inteqrasiya prosesi başlandı. Həmin ölkələrin böyük bir hissəsi Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya daxil olmuş və beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. Bununla da Avropada 1990-cu ilin əvvəlindəki hərbi, iqtisadi və siyasi qütbləşmə ideoloji əhəmiyyətini itirmişdir.

Mifologiya[redaktə | əsas redaktə]

Miflərdən birinə görə Avropa Finike kralı Agenar ilə Telepassanın qızının adıdır. Öküz şəklinə girən Zevs tərəfindən İdaya qaçırılmışdır. Zevsdən Minos, Sarppedon və Radamant adlı üç övladı olmuşdur. Adı bir yarımadaya verilmişdir.

Həmişə böyük krallıq və imperatorluqlara beşik olmuş bu yarımada, sənaye inqilabından sonra digər qitələrə nisbətən daha sürətlə bütün sahələrdə daha çox inkişaf etmişdir..

Avropada dövlətlər[redaktə | əsas redaktə]

     Avropa, ümumi anlayışda      Bir hissəsi Avropa və digər hissəsi Asiyada olan ölkələr      Asiyada olan, amma tarixi və mədəni baxımdan Avropalı sayılan
Ölkə adı Ərazisi
(km²)
Əhali
Əhalinin sıxlığı
(nəfər/km²)
Paytaxtı
Flag of Albania.svg Albaniya 28.748 3.600.523 125,2 Tirana
Flag of Germany.svg Almaniya 357.021 83.251.851 233,2 Berlin
Flag of Andorra.svg Andorra 468 68.403 146,2 Andorra la Vella
Flag of Austria.svg Avstriya 83.858 8.169.929 97,4 Vyana
Flag of Azerbaijan.svg Azərbaycan 86.600 9.494.000 97 Bakı
Flag of Belarus.svg Belarus 207.600 10.335.382 49,8 Minsk
Flag of Belgium (civil).svg Belçika 30.510 10.274.595 336.8 Brüssel
Flag of Bosnia and Herzegovina.svg Bosniya və Herseqovina 51.129 4.448.500 77,5 Sarayevo
Flag of Bulgaria.svg Bolqarıstan 110.910 7.621.337 68,7 Sofiya
Flag of the United Kingdom.svg Böyük Britaniya 244.820 61.100.835 244,2 London
Flag of the Czech Republic.svg Çexiya 78.866 10.256.760 130,1 Praqa
Flag of Montenegro.svg Monteneqro 13.812 616.258 44,6 Podqoritsa
Flag of Denmark.svg Danimarka 43.094 5.368.854 124,6 Kopenhagen
Flag of Armenia.svg Ermənistan 29.800 3.229.900 101 İrəvan
Flag of Estonia.svg Estoniya 45.226 1.415.681 31,3 Tallin
Flag of Finland.svg Finlandiya 336.593 5.157.537 15,3 Helsinki
Flag of France.svg Fransa 547.030 59.765.983 109,3 Paris
Flag of Georgia.svg Gürcüstan 69.700 4.661.473 64 Tbilisi
Flag of Croatia.svg Xorvatiya 56.542 4.437.460 77,7 Zaqreb
Flag of Iceland.svg İslandiya 103.000 307.261 2,7 Reykyavik
Flag of Ireland.svg İrlandiya 70.280 4.234.925 60,3 Dublin
Flag of Spain.svg İspaniya 504.851 45.061.274 89,3 Madrid
Flag of Sweden.svg İsveç 449.964 9.090.113 19,7 Stokholm
Flag of Switzerland.svg İsveçrə 41.290 7.507.000 176,8 Bern
Flag of Italy.svg İtaliya 301.230 58.751.711 191,6 Roma
Flag of Cyprus.svg Kipr 9.251 788.457 85 Nikosiya
Flag of Kosovo.svg Kosovo 10.887 [3] 1.804.838 220 Priştina
Flag of Kazakhstan.svg Qazaxıstan 2.724.900 15.217.711 5,6 Astana
Flag of Latvia.svg Latviya 64.589 2.366.515 36.6 Riqa
Flag of Liechtenstein.svg Lixtenşteyn 160 32.842 205,3 Vaduts
Flag of Lithuania.svg Litva 65.200 3.601.138 55,2 Vilnyus
Flag of Luxembourg.svg Lüksemburq 2.586 448.569 173.5 Lüksemburq
Flag of Hungary.svg Macarıstan 93.030 10.075.034 108,3 Budapeşt
Flag of Macedonia.svg Makedoniya 25.713 2.054.800 81,1 Skopye
Flag of Malta.svg Malta 316 397.499 1.257,9 Valletta
Flag of Moldova.svg Moldova 33.843 4.434.547 131 Kişinyov
Flag of Monaco.svg Monako 1,95 31.987 16.403,6 Monako
Flag of the Netherlands.svg Niderland 41.526 16.318.199 393 Amsterdam
Flag of Norway.svg Norveç 324.220 4.525.116 14 Oslo
Flag of Poland.svg Polşa 312.685 38.625.478 123,5 Varşava
Flag of Portugal.svg Portuqaliya 91.568 10.409.995 110,1 Lissabon
Flag of Romania.svg Rumıniya 238.391 21.698.181 91 Buxarest
Flag of Russia.svg Rusiya 17.075.400 142.200.000 26,8 Moskva
Flag of San Marino.svg San-Marino 61 27.730 454,6 San Marino
Flag of Serbia.svg Serbiya[4] 88.361 7.495.742 89,4 Belqrad
Flag of Slovakia.png Slovakiya 48.845 5.422.366 111 Bratislava
Flag of Slovenia.png Sloveniya 20.273 1.932.917 95,3 Lyublyana
Flag of Turkey.svg Türkiyə 783.562 71.517.100 93 Ankara
Flag of Ukraine.svg Ukrayna 603.700 48.396.470 80,2 Kiyev
Flag of the Vatican City.svg Vatikan 0,44 900 2.045,5 Vatikan
Flag of Greece.svg Yunanıstan 131.940 10.645.343 80,7 Afina
Cəmi 10.180.000 731.000.000 70

Əhalisi[redaktə | əsas redaktə]

Sahəsinin kiçik olmasına baxmayaraq Avropa ərazisi qədim dövrlərdən insanlar tərəfindən daha çox məskunlaşmışdır. Əhalisinin sayına görə yalnız Asiya qitəsindən geri qalır. Avropada 710 milyon nəfər əhali yaşayır ki, bu da Yer kürəsi əhalisinin 18% təşkil edir. Avropa dünyada insanların ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu, bir sıra təbii, siyasi və iqtisadi amillərlə bağlıdır. Lakin əhali hər yerdə eyni dərəcədə sıx məskunlaşmamışdır. Atlantik okeanı sahillərində, mühüm sənaye rayonlarında (Rur, Sileziya, Donbas), iri şəhər və paytaxtlarda, çay və nəqliyyat yolları boyunca əhali daha sıx yerləşib. 60 dərəcə şimal enliklərindən şimalda olan soyuq ərazilərdə daha az əhali məskunlaşmışdır. Alp və Balkan dağlarının hündür sahələrində, Xəzəryanı ovalıqda əhali nisbətən daha seyrəkdir. Avropa əhalisi üçün digər mühüm xüsusiyyət şəhər əhalisinin daha çox olmasıdır.

Etnik tərkibi[redaktə | əsas redaktə]

Avropa xalqları dünya mədəniyyətinə, elm və texnikanın inkişafına mühüm töhfələr vermiş, bir çox ərazilərə təsir göstərmişlər. Müasir Avropa millətləri uzun sürən tarixi inkişafın, müxtəlif etnik və antropoloji qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranmışdır. Avropalılar avropoid irqinə aiddirlər. Burada german, roman, türk, slavyan və başqa dil qruplarına aid xalqlar yaşayırlar. German xalqlarına almanlar, hollandlar, ingilislər, isveçlilər, norveçlilər, islandlar aiddirlər. Bu xalqlar Avropanın şimal-qərb və mərkəzi hissələrində məskunlaşıblar. Roman dil qrupuna aid olan xalqlar latın dili əsasında formalaşmış dildə danışırlar. Bu qrupa italyanlar, fransızlar, portuqaliyalılar, ispanlar, rumınlar və başqa xalqlar aiddirlər. Roman dil qrupuna aid olan xalqlar Avropanın qərb, cənub və cənub-qərbi hissələrində məskunlaşıblar. Avropada türk dili qrupuna aid olan xalqlar da yaşayır, onlara tatarlar, türklər, başqırdlar, çuvaşlar, qaqauzlar aiddir. Türkdilli xalqlar əsasən Avropanın şərqi və cənubunda yaşayırlar. Avropada həmçinin digər dil qruplarına aid olan çoxlu xalqlar yaşayır, bunlara latışlar, litvalılar, estonlar, basklar, finlər, macarlar, yunanlar, albanlar və digər xalqları misal göstərə bilərik.

Avropada din[redaktə | əsas redaktə]

Avropa xalqlarının sitayiş etdiyi hakim din xristianlıqdır. Xristian dininin 3 əsas qolu vardır. Bunlar katolik, protestant və pravoslavlardır. Roma şəhərindəki Vatikan kilsəsində bütün katoliklərin mərkəzi kilsəsi yerləşir. Bu kilsəyə Roma papası başçılıq edir. Vatikanın və onun başçısı Roma papasının tarixən dünyanın siyasi və iqtisadi həyatına təsiri böyük olmuşdur. Lakin son illərdə Avropada bir çox xristianlar öz dinlərini tərk edərək ateizmə keçməyə başlayıblar. Avropada islam dininə etiqad edən müsəlmanlar da çoxdur. İslam dini vaxtilə Ərəb və Osmanlı imperiyalarının Avropaya zəfər yürüşləri nəticəsində yayılmışdır.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Faydalı qazıntılar[redaktə | əsas redaktə]

Avropa ərazisi yanacaq, filiz və qeyri-filiz mənşəli faydalı qazıntılarla zəngindir. Yanacaq faydalı qazıntıları çökmə mənşəlidir. Onların yataqları qədim bünövrənin çökəkliklərində, dağlararası əyilmə zonalarında yerləşmişdir. Dünyanın bir sıra mühüm kömür hövzələri Avropa ərazisindədir (Donetsk, Peçora, Rur, Saar, Yuxarı Sileziya). Neftin əsas yataqları Volqaboyunda, Karpatda, Orta Dunay ovalığında, Balkan yarımadasında və Şimal dənizindədir. Faydalı qazıntılar içərisində dəmir filizi yataqları xüsusilə böyük əhəmiyyətə malikdir. Rusiyadakı Kursk maqnit anomaliyası (KMA) dünyanın ən böyük dəmir filizi yataqlarından biridir. Şərqi Avropa düzənliyi, Skandinaviya yarımadası, Alp dağları, orta hündürlüklü qədim dağlar sahəsində də bir sıra dəmir filizi yataqları vardır. Avropada həmçinin boksit, mis, sink, qurğuşun, kobalt, molibden, volfram, xrom, civə, uran kimi əlvan və qiymətli metal filizlərinə də rast gəlinir. Qeyri-filiz yataqları içərisində neft, təbii qaz, daş kömürdən başqa çöküntü mənşəli müxtəlif duzlar olan kalium, daşduz yataqları qeyd oluna bilər. Həmçinin qiymətli tikinti materiallarının bol olmasını (mərmər, qranit, kvars) da göstərmək lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Avropa ərazisi bir çox faydalı qazıntılarla tam təmin olunmamışdır. Əksər faydalı qazıntılar da onun müasir tələbatını tam ödəyə bilmir. Odur ki, Avropa dövlətlərinin çoxu digər materiklərdən bura bir sıra faydalı qazıntılar gətirirlər.

İstinadlar[redaktə | əsas redaktə]

== Xarici keçidlər

==

Vikianbarda Avropa ilə əlaqəli mediafayllar var.

Həmçinin bax[redaktə | əsas redaktə]