Rusiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Rusiya Federasiyası
rus. Российская Федерация
Rusiya bayrağı
Bayraq
Rusiya gerbi
Gerb
Himn: Rusiya Dövlət Himni
LocationRussia.png
Rəsmi dil Rus dili
Paytaxt Moskva
İri şəhərlər Moskva, Sankt-Peterburq
Prezident Vladimir Putin
Baş Nazir Dmitri Medvedyev
Ərazi
 - Ümumi
 - % Su
1-ci yer
17,075,400 km²
0.5%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
8-ci yer
141,903,979[1]
8.4/km²
Müstəqillik günü 12 iyul 1990
Pul Rusiya Rublu (₽) (RUR)
Saat qurşağı UTC +2 – +12
Internet TLD .ru .su .рф
Telefon kodu +7

Rusiya Federasiyası (rus. Российская Федерация) — Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir – 17.075.400 km2 və ya bütün quru səthinin 11,46 % (1/9)-i bu dövlətdədir. Paytaxtı Moskva şəhəridir.

Rusiyanın əhalisi 141 903 979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti – 73,1 % şəhərlərdə yaşayır. Əhalinin 79,83 %-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar, qaraçaylılar, balkarlar və digəriləridir.

Rusiya qurudan 14 ölkə ilə – Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Belorus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, KXDR ilə, sudan – 2 ölkə ilə YaponiyaABŞ ilə həmsərhəddir.

Bütün bunlar Rusiyaya həm Avropa, həm də Asiya ölkəsi olmağa imkan verir. Özünü siyasi və hüquqi cəhətdən Rusiya imperiyasınınSSRİ-nin varisi sayır. İqtisadi,siyası və hərbi qüdrətinə görə beynəlxalq münasibətlərdə əsas rollardan birini oynayır. Avrasiya İqtisadi Birliyi, BMT, MDB, AİQ, MAƏT, KTMT, ŞƏT, ASİƏT və s. kimi təşkilatların üzvüdür.

Tarix[redaktə | əsas redaktə]

Əsas məqalə: Rusiya İmperiyası

882-ci ildən etibarən kəsilməz dövlətçiliyi mövcuddur. "Rusiya" (rus. "Россия") adını rəsmi dövlət adı kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya İmperiyası adlandıranda istifadə etmişdir. Rusiya Federasiyası adını 25 dekabr 1991-ci ildə almışdır.

Slavyanlar VolqaOka çayları arasındakı ərazilərə hələ VIII-IX əsrlərdə gəlmişdilər. Onlar Volqa çayı ilə Rus düzənliyinin yuxarı və aşağı hissələrinə hərəkət edirdilər. Baltik dənizindən Volqa və Dnepr çay hövzələrinə gedən çay yollarında ən qədim rus şəhərləri Novqorod, Pskov, Smolensk salınmışdır. IX-XII əsrlərdə qədim rus tayfaları Vyatka, Kama, Şimali Dvina, Peçora çay hövzələrinə irəliləmişdilər. Bu dövrdə qədim rus şəhərlərinin, Moskvanın, Vladimir, Suzdal, Ryazan, Tver, Yaroslavl, Voloqdanın əsası qoyulmuşdur.

Rusiya Federasiyasının dövlət-ərazi inkişafı qədim rus dövləti olan Kiyev Rus dövlətindən başlamışdır. Bu dövlətin tərkibinə müasir Rusiyanın şimal-qərb və mərkəz torpaqları daxil idi. XIII-XIV əsrlərdə Moskva knyazlığı yaranmış və bu da yeni rus dövlətinin formalaşmasının özəyini təşkil etmişdir. XVI əsrin ərtalarında Rus dövlətinin tərkibinə Volqaboyunun xalqları məskunlaşan ərazilər qatılmış (KazanHəştərxan xanlıqları) və burada Simbirsk, Samara, Saratov, Kamışin, Sarıtsin (indiki Volqoqrad) kimi qala-şəhərlər salınmışdır.

XVI əsrdə rusların Şərqi Avropa düzənliyinin meşə-çöl hissəsinə hərəkəti güclənmiş və burada Tambov, Voronej kimi qala-şəhərlər tikilmişdir. Don çayının aşağı axarlarında kazak, Ağ dənizin sahillərində isə pomorların yaşayış məntəqələri yaradılmışdır. Şərqə hərəkət edərək ruslar artıq XVI əsrin axırlarında Ural dağlarını aşmış və Qərbi Sibir düzənliyində məskunlaşmışlar. Burada uzun müddət Sibirin paytaxtı sayılan Tobolsk şəhəri salınmışdır. XVII əsrdə YeniseyLena çayları sahilində rus qalaları tikilmiş və həmin əsrdə də ruslar Baykal gölünə çatmışlar. Təxminən yarım əsr vaxt lazım olmuşdur ki, ruslar Ural dağlarından sərt Şimali Asiyanı keçərək Sakit Okean sahillərinə çatsınlar. Rusların şərqə yürüşü XVII əsrdə Kamçatka yarımadasının ələ keçirmələri ilə başa çatmışdır. XVIII-XIX əsrlərdə ruslar Krımda, Mərkəzi Asiya, QafqazAvropada yaşayan bir neçə xalqı özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük rus imperiyası yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra keçmiş Rusiya imperiyasının ərazisində bir neçə formal respublikalar yaranmışdı. 1922-ci ildə həmin respublikalar Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) çərçivəsində birləşmişlər.

Müasir Rusiya[redaktə | əsas redaktə]

1991-ci ildə SSRİ dağılmış və onun yerində 15 müstəqil dövlət, o cümlədən müasir sərhədləri ilə Rusiya Federasiyası yaranmışdır. SSRİ dağıldıqdan sonra Rusiya yeni istiqamət olan bazar iqtisadiyyatı cəmiyyətini bərqərar etmək yolunu götürdü. 1991-ci ilin oktyabrında iqtisadi islahat proqramı elan olundu və 1992-ci ilin əvvəlindən həyata keçirilməyə başlandı. İslahat proqramında qiymətlərin liberallaşdırılması, daxili və xarici ticarətin dövlət inhisarından çıxarılması və özəlləşdirilmənin həyata keçirilməsi nəzərdə tutulurdu. Dekabrda Rusiya özünü SSRİ-nin varisi və qalan qızıl ehtiyatı da daxil olmaqla ərazisindəki bütün mülkiyyətin sahibi olduğunu elan etdi. 1992-ci ilin yayında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı təsdiq edildi. Həmin proqramın həyata keçirilməsi nəticəsində 40 min müəssisə özəlləşdirildi.

Bankların sayı 2.000-ə, birjaların sayı 303-ə çatdı. Oktyabrın 1-dən bütün rusiyalılara özəlləşdirmə qəbzləri verilməyə başlandı. Bu şəraitdə istehsalın azalması, qiymətlərin yüksəlməsi baş verdi. 1992-ci ildə istehsal sənayedə 16,2%, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ildə 1990-cı ilə nisbətən milli gəlir 57%, sənaye istehsalı 63%, kapital qoyuluşu 43% aşağı düşdü. Cəmiyyətin varlılara və yoxsullara bölünməsi prosesi sürətləndi. İşsizlərin sayı 8 milyona çatdı. Qiymətlərin liberallaşdırılması nəticəsində 1993-cü ildə qiymətlər 100 dəfədən çox artdı, inflyasiya 20-25% təşkil edirdi. Siyasi sistemdə də dəyişikliklər baş verdi. Sovet Ittifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Ölkədə çoxpartiyalılıq təşəkkül tapmağa başladı. Milli quruculuqda dəyişikliklər yarandı. 1993-cü ilin yayında qəbul olunmuş konstitusiyaya görə Rusiya Federasiyası tərkibinə 21 respublika, 6 diyar, 49 vilayət, 11 muxtar vilayət var idi. Bir sıra milli regionlar, o cümlədən Tatarıstan, Başqırdıstan, Yakutiya, Çeçenistan asanlıqla Federasiyadan çıxmaq xəttini götürdülər. 1992-ci il martın 31-də RF ilə Federasiya subyektləri arasında federativ müqavilələr imzalandı. TatarıstanÇeçenistan həmin müqaviləni imzalamaqdan imtina etdilər. Başqırdıstan müəyyən şərtlərə müqaviləni imzaladı.

Çeçenistanın Rusiya Federasiyasından çıxması və öz müstəqilliyini elan etməsi "qiyam və terror" kimi qiymətləndirildi və sonsuz fəlakətlərə, çeçen xalqının məhv edilməsi ilə müşayiət olunan müharibəyə səbəb oldu. 1993-cü il sentyabrın sonu, oktyabrın əvvəllərində ölkədə kəskin siyasi böhran yarandı. Əsas səbəb prezident və Ali Sovet arasında yaranan qarşıdurma idi. qarşıdurma 3-4 oktyabr hadisələrinə gətirib çıxardı. Oktyabrın 4-də axşam Ağ Ev hökümət qoşunları tərəfindən zəbt edildi. Ağ evin müdafiəçiləri - A.Rutskoy, Ruslan Xasbulatov, V.Barannikov, V.Acalov, A.Makaşov və başqaları həbs olundular. Bu hadisələr zamanı 140 nəfər həlak oldu. 1995-ci ilin dekabrında Dövlət Dumasına seçkilər keçirildi. 1996-cı ilin iyun-iyul aylarında keçirilən növbəti prezident seçkilərində Boris Yeltsin yenidən Rusiya Federasiyasının prezidenti seçildi. O, 1999-cu il dekabrın 31-də istefa verərək prezident vəzifəsini icra etməyi Vladimir Putinə həvalə etdi. 2000-ci il mayın əvvəllərində Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçildi.

Ərazi[redaktə | əsas redaktə]

Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə olunmuşdur. Xəzər dənizi ölkənin cənubunda yerləşir. Republics of Russia.png

  1. Adıgey Respublikası
  2. Altay Respublikası
  3. Başqırdıstan Respublikası
  4. Buryatiya Respublikası
  5. Dağıstan Respublikası
  6. İnquşetiya Respublikası
  7. Kabarda-Balkariya Respublikası
  8. Kalmıkiya Respublikası
  9. Qaraçay-Çerkesiya Respublikası
  10. Kareliya Respublikası
  11. Komi Respublikası
  12. Mari El Respublikası
  13. Mordoviya Respublikası
  14. Saxa (Yakutiya) Respublikası
  15. Şimalı Osetiya-Alaniya Respublikası
  16. Tatarıstan Respublikası
  17. Tuva Respublikası
  18. Udmurtiya Respublikası
  19. Xakasiya Respublikası
  20. Çeçenistan Respublikası
  21. Çuvaşıstan Respublikası

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Rusiya əhalisi

Rusiyada 2010-cu ilin oktyabrında keçirilmiş siyahıyaalmanın nəticələrinə görə, 2002-ci ildən əhalinin sayı 2,3 milyon nəfər (1,6 faiz) azalaraq 142 milyon 857 nəfərə düşüb. Rusiya bu göstərici ilə Çin, Hindistan, ABŞ, İndoneziya, Braziliya, Pakistan və Banqladeşin ardınca 8-ci yerdə durur. Rusiya 2002-2010-cu illərdə ən çox kənd əhalisini itirib. Bu müddət ərzində 8,5 min kənd tam məhv olub. Kağız üzərində qalan daha 19,4 min kənddə heç kim yaşamır. Əhalinin orta yaşı 39-dur. 2002-ci ildə bu göstərici 37,7 il olub. Milli tərkibə gəlincə, 80,9 faiz özünü rus hesab edir. İkinci yerdə tatarlar gəlir – 3,87 faiz. Üçüncü yeri ukraynalılar (1,41 faiz) tutur.[2]

Təhsil[redaktə | əsas redaktə]

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır. Təhsil proqramları:

  • Bakalavr. Təhsil müddəti – 4 ildir. Bu mərhələni bitirəndən sonra məzunlar “Bakalavr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
  • Magistratura. Təhsil müddəti – 2 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Magistr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
  • Mütəxəssis. Təhsil müddəti – 5 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Mütəxəssis” ixtisasına yiyələnmiş tam peşəkar ali təhsil alır.
  • Aspirantura. Təhsil müddəti – 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər namizədi” dərəcəsi verilir.
  • Doktorantura. Təhsil müddəti – 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər doktoru” dərəcəsi verilir.[3]

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Əsas məqalə: Rusiya iqtisadiyyatı

Ərazisinin böyüklüyü, təbii resursların zənginliyi Rusiyada çoxsahəli təsərrüfatın yaradılmasına səbəb olmuşdur. Lakin son illərdə iqtisadiyyatda köhnəlmiş metodların, elmi-texniki metodların ləng tətbiqi Rusiyanın iqtisadi inkişafında müəyyən maneələr yaratmışdır. Xüsusilə 1990-1997-ci illər ərzində dünyanın ÜDM-də Rusiyanın payı 3,7%-dən 1,7%-ə, sənaye istehsalında isə 4,6%-dən 1,8%-ə enmişdir. İslahat dövründə Rusiya ÜDM həcminə görə dünyada 8-9-cu yerdən 14-15-ci yerə, adambaşına düşən ÜDM-ə görə isə 43-cü yerdən 58-ci yerə düşmüşdür. İnkişafında belə çətinliklərə baxmayaraq, Rusiya hələ də dünyanın ən güclü ölkələri sırasında qalmaqdadır. Sənaye strukturunda isə maşınqayırma, yanacaq-energetika, meşə-kağız, kimya sənayesi üstünlük təşkil edir.

Ölkədə güclü qara metallurgiya sənayesi yaranmışdır. Onun başlıca bazaları Ural, Mərkəzi Rusiya və Sibirdir. Ölkənin ən iri metallurgiya kombinatları Maqnitoqorsk, Nijni-Tagil və s.-dir. Qara metallurgiyanın inkişafında Kursk-Maqnit Anomaliyası olduqca mühüm rol oynayır. Əlvan metallurgiya sənayesi Ural, Sibir, Uzaq Şərq və Şimal rayonunda güclü inkişaf etmişdir. Kimya sənayesi Rusiyanın bir çox rayonlarında yayılmışdır. Ən iri rayonları Mərkəz, Şimal-Qərb, Volqaboyu, Ural və Qərbi Sibirdir. Maşınqayırma sənayesi təsərrüfat üçün müxtəlif və mürəkkəb maşınlar istehsal edir. Güclü hərbi-sənaye kompleksi, raket texnologiyası yaradılmışdır. Maşınqayırma zavodları Rusiyanın bir çox rayonlarında təmsil olunmuşdur. Meşə sənayesi Rusiyanın qədim və güclü inkişaf etmiş sahələrindəndir. Meşə tədarükü, emalı və kağız-sellüloz sənayesi Şimal, Ural, Sibir, Uzaq Şərq rayonlarında cəmlənmişdir. Qara və əlvan metallurgiya, meşə və kimya sənaye kompleksləri bir çox rayonlarda ekoloji vəziyyəti xeyli kəskinləşdirmişdir. Yüngül sənayenin başlıca rayonu Mərkəz və Şimal-Qərbdir. İri toxuculuq kombinatları İvanovo, MoskvaYaroslavl şəhərlərində fəaliyyət göstərir.

2012-ci ildə dünyanın bir çox regionlarında iqtisadi tənəzzül olduğu halda Rusiya qlobal iqtisadi meyllərdən xeyli aralı düşmüşdür. Rusiya iqtisadiyyatında vəziyyət hələlik çox əlverişlidir. Proqnozlara görə 20122013-cü illərdə iqtisadi artım, müvafiq surətdə, 4 faiz və 3,9 faiz olacaqdır. Rusiya iqtisadiyyatında ciddi ləngimə olacağı gözlənilmir. Real əməkhaqqının və istehlakın artması Rusiya iqtisadiyyatının inkişafını dəstəkləyir. Bununla bərabər, inflyasiya və məşğulluq rekord dərəcədə aşağı səviyyədədir. Hazırda Rusiyanın sənaye potensialından istifadə göstəricisi 2007-2008-ci illərin səviyyəsinə çatmışdır. Rusiyadan xaricə kapital axını vardır, lakin bu axın tədiyyə balansında profisitin yüksək olmasının nəticəsidir. Rusiya iqtisadiyyatında bir neçə il davam etmiş durğunluqdan sonra 2011-ci ildə həm istehlak, həm də korporativ kreditlər verilməsi sürətlə artmağa başlanmışdır. Hal-hazırda Rusiya biznesinin maliyyələşdirilməsində xarici mənbələrdən daxili mənbələrə keçid prosesi gedir.[4]

Təbii resursları[redaktə | əsas redaktə]

Dünyanın ən böyük dövləti olan Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir. Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə ikinci yerdədir.Rusiya 80 milyard barel nefte sahibdir və bu düyna neftinin 4.6 faizini təşkil edir.Neft ehtiyatına görə dünyada 8-cidir. Neft istehsalına görə isə Səudiyyə Ərəbistanından sonra 2-cidir. Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47 trilyon m3dir.Dünya qaz ehtiyatının 27 faiznə sahib olmaqla həm də ən yaxın rəqibi İrandan 2 dəfə üstələyir.

Kənd təsərrüfatı[redaktə | əsas redaktə]

Rusiyanın kənd təsərrüfatı çoxsahəlidir. Kənd təsərrüfatı məhzullarının ümumi dəyərinin yarısı əkinçiliyin, yarısı isə heyvandarlığın payına düşür. Ölkənin əkin yerlərinin 57%-ə qədərini taxıl bitkiləri tutur. Taxılçılıq üzrə ixtisaslaşmış iri rayonları Şimali Qafqaz, Volqaboyu, Mərkəzi Qaratorpaq və Sibirdir. Texniki bitkilərdən ən geniş yayılanı kətan, günəbaxan, şəkər çuğunduru, soya becərilir. Heyvandarlıq ölkənin hər yerində yayılmışdır. Şimalın tundrameşə-tundra otlaqlarında maralçılıq, meşə-çöl və qismən də çöl zonalarında südlük və südlük-ətlik heyvandarlıq üstünlük təşkil edir. Daha quraq cənub rayonlarında ətlik-heyvandarlıq və qoyunçuluq yayılmışdır. İntensiv əkinçilik rayonlarında və şəhərlərin ətrafında donuzçuluq və quşçuluq kompleksləri yaradılıb. Sibir, Uzaq Şərq və Şimalda xəz dərili heyvanlar saxlanılan təsərrüfatlar vardır.

Nəqliyyat[redaktə | əsas redaktə]

Rusiyanın geniş ərazisi, təbii resurslarının və əhalisinin qeyri-bərabər yerləşdiyi bir şəraitdə nəqliyyatın əhəmiyyəti xüsusilə böyükdür. Ölkədə bütün nəqliyyat növləri, dəmiryol, avtomobil, su (çay və dəniz), hava və boru-kəmər nəqliyyatı inkişaf etmişdir. Rusiyanın dəmiryol nəqliyyat şəbəkəsi əsasən XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərinə qədərki dövrdə formalaşmışdır. Bu zaman onun Avropa hissəsində Moskvanı Peterburqla birləşdirən ilk dəmir yolu çəkilir. Sonralar Moskvanı ölkənin daxili rayonları və dəniz portları ilə birləşdirən yollar salınır. Nəhayət, XX əsrin əvvəllərində ölkənin Avropa hissəsini Sakit Okean sahili ilə birləşdirən Transsibir magistralının (Çelyabinsk-İrkutsk-Vladivostok) tikintisi başa çatdırılır. 1917-ci ildən sonrakı Rusiyanın Avropa hissəsinin Şimalında və Şərq rayonlarında bir çox dəmir yolları, o cümlədən Sibiri Mərkəzi Asiya ilə birləşdirən Türküstan-Sibir dəmir yolu çəkilir.

Uzunluğu 3 min km-dən çox olan Baykal-Amur Magistralının (BAM) tikintisi son illərdə başa çatmışdır. Son illərdə avtomobil və boru kəməri nəqliyyat növlərinin əhəmiyyəti xeyli artmışdır. Volqa çayının imkanlarını genişləndirmək məqsədilə Rusiya ərazisində Volqa-Don, Moskva kanalı, Volqa-Baltik dənizçilik kanalı salınmışdır. Bundan başqa gəmiçilik Şimali Dvina, Ob, Yenisey, LenaAmur çaylarında da inkişaf etmişdir. Qara dənizBaltik dənizi, Şimal Buzlu OkeanıSakit Okean sahillərində iri port şəhərləri yaradılmışdır. Hazırda Rusiya, dünyada ikinci yerdə duraraq, 62 min km magistral neft və 150 min km qaz boru kəmərlərini əhatə edən boru kəmər nəqliyyatkommunikasiya şəbəkəsinə malikdir. Həmin kəmərlərlə ildə 300 mln tondan artıq neft, 530 mlrd kub metrdən artıq qaz nəql edilir.[5]

Siyasi sistemi[redaktə | əsas redaktə]

Rusiya Prezidentli Respublikadir. Dövlət başçısı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 4 il müddətinə seçilir. Yaşı 35-dən az olmayan və 10 ildən artıq ölkədə yaşayan hər bir vətəndaş Rusiya Federasiyasının Prezidenti seçilə bilər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident seçilə bilməz.

Qanunverici hakimiyyət ikipalatalı Federasiya Şurası və Dövlət Duması tərəfindən həyata keçirilir. Dumaya seçilmək üçün yaç senzi 21 yaşdır. Deputat Dumaya seçildiyi andan hər hansı ödənişli fəaliyyətlə məşğul ola və ya digər hökumət vəzifələri tuta bilməz. Məhkəmə hakimiyyəti-Rusiyanın xarici dövlətlərlə bağladığı müqavilələrə və ölkə qanunlarına riayət edilməsinə nəzarət, habelə ərazi mübahisələrini həll edir. Siyasi partiyalar.Hazırda Rusiyada fəaliyyət göstərən əsas partiyalar bunlardır: "Uedinaya Rossiya", Kommunist Partiyası, Liberal Demokrat Partiyası, "Rodina", "Yabloko" və s.

Rusiya-Azərbaycan münasibətləri[redaktə | əsas redaktə]

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində qurulub[6].

Maraqlı məlumatlar[redaktə | əsas redaktə]

  • Rusiyada qadınlar kişilərdən 9 milyon çoxdur.
  • Rusiyanın sahəsi Pluton planetinin sahədindən böyükdür.
  • Rusiyada hər il 500.000 ölüm alkoqolluqla əlaqədardır.
  • 1867-ci ildə ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollara alıb.
  • Yaponiya və Rusiya İkinci Dünya Müharibəsinin sülh müqaviləsinə hələ imzalamayıblar səbəb Kuril adaları münaqişəsidir.
  • Dünyanın ən böyük McDonald’s restoranı Moskva və Pekindədir.
  • Əhalinin yaşayışı üçün əlverişli torpaqlar Rusiya ərazisinin 15%-ni təşkil edir (dünya ərazisinin isə 36%-i əlverişlidir).
  • Rusiya əhalisinin 73,07%-i Şimali Qafqazın Rusiyadan ayrılması ideyasını dəstəkləyir.
  • Rusiya heroin istehlakının miqdarına görə dünyada birinci yeri tutur (istehsal olunan heroinin 21%-i).
  • Rusiya milyarderlərin ən az vergi verdiyi ölkədir – 13%.
  • Rusiyada 23 milyondan çox adam müsəlmandır. 2050-ci illərdə Rusiyada hər 4 nəfərdən biri müsəlman olacaq.
  • Son 10 ildə Sibirdə 11 min kənd və 290 şəhər yer üzündən silinib.
  • Bir milyon adama düşən elmi işçi sayına görə Rusiya dünyada 3-cü yerdədir – təxminən 3500 işçi. İlk yerləri Norveç və İsveç tutur (təxminən 4400 və 5200 nəfər). 20000 rus alim Avropa Birliyi ölkələrində çalışır.
  • Rusiya əhalisinin 62%-i internetdən istifadə etmir. ABŞ-da isə təkcə yetkin əhalinin 89%-i internetdən istifadə edir.

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

Vikianbarda Rusiya ilə əlaqəli mediafayllar var.